21 Azer- Yirmibir Azer
Pişeveri (Pishevari, Pishavari), Azerbaycan Démoķrat Firqesi (ADF) ve Azerbaycan Milli Hökümeti (AMH) Görüt, Belge, Yazı ve Araşdırma Saxlancı


Thursday, August 26, 2004  


Seyid Cəfər Pişəvəri öldürülüb?

Avqustun 26-da Azərbaycanın dahi oğlu, 1945-1946-cı illər Güney Azərbaycan Milli Hökumətinin rəhbəri, Demokrat Firqəsinin lideri Seyid Cəfər Pişəvərinin doğum günüdür.

XX əsrdə Səttarxan, Xiyabani, Məmməd Əmin Rəsulzadədən sonra dördüncü Azərbaycan davasının liderinin həyat və fəaliyyəti, müəmmalı ölümü ilə bağlı açılmamış məqamlar hələ də qalır.

Müsahibimiz Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, iqtisad elmləri namizədi Əkrəm Rəhimlidir.
- Pişəvəri (Cavadzadə) 1893-cü ilin avqustun 26-da Güney Azərbaycanın Xalxal bölgəsinin Zeyvə kəndində dünyaya göz açıb. İlk təhsilini kənddəki mollaxanada alıb. 1905-ci ildə valideynləri ilə birlikdə Quzey Azərbaycana köçmüş Seyid Cəfər əvvəl Bakının Bülbülə, sonra isə Sabunçu kəndlərində yaşayıb və təhsil alıb. Pedaqoji məktəbi bitirdikdən sonra 1913-1917-ci illərdə Bakının Xırdalan kəndində müəllimlik edib. Pişəvəri xatirələrində o vaxtkı fəaliyyəti haqda belə yazır: “Təhsil almağa, kitab oxumağa böyük həvəsim sayəsində 20 yaşa çatanadək bütün boş vaxtımı kitabxanalarda keçirirdim. Tarix, ədəbiyyat və fəlsəfə sahəsinə aid kitablara daha çox meyl göstərirdim”.
- Pişəvəri siyasi fəaliyyətə nə vaxt başlayıb?
- 20-ci illərin əvvəllərində S.C.Pişəvəri Bakı maarifçiləri və ziyalıları arasında savadlı, siyasi cəhətdən yetkin, istedadlı bir gənc kimi tanınırdı. O, artıq bu zaman siyasət meydanında idi. Əvvəlcə “İctimaiyyun-Amiyyun” (İran Sosial Demokrat Firqəsi), sonra isə “Ədalət firqəsi” sıralarında siyasi fəaliyyətə başlayır. Quzeydəki siyasi-ədəbi şəxsiyyətlərlə və mətbuatla yaxından təmasda olur. Bakının siyasi və ədəbi mühiti Pişəvərinin hərtərəfli inkişafında və yetişməsində müstəsna rol oynayıb. İlk məqalələrini “Hüriyyət” qəzetində çap etdirən Pişəvəri həmin qəzetin baş redaktoru olur.
Məlum olduğu kimi, 1920-ci ilin yazında Gilanda Mirzə Kiçik Xanın başçılığı altında xalq hərəkatı baş qaldırır. Hərəkat rəhbərliyinin dəvəti ilə Pişəvəri Rəştə gəlir və burada Gilan respublika hökumətində rəhbər vəzifəyə təyin olunur, İran Kommunist Partiyasının təsis qurultayında və III Kommunist İnternasionalının Moskvada keçirilən Konqresində Ədalət Firqəsinin Təbriz təşkilatının nümayəndəsi kimi iştirak edir.
1921-ci ilin fevralında İran hökuməti ilə sovet Rusiyası arasında məlum Moskva müqaviləsi bağlanıldıqdan sonra Moskva Gilan respublikası rəhbərliyinin arxasından qaçır. Nəticədə meydanda təklənmiş respublikaçılar (Cəngəlilər) darmadağın edilir. Cəngəli hərəkatının bir sıra rəhbərləri kimi, Pişəvəri də gizli fəaliyyətə keçmək məcburiyyətində qalır. Bir müddət İsfahanda öz fəaliyyətini davam etdirən S.C.Pişəvəri Rza şah xəfiyyəsindən yaxa qurtara bilmir, 1930-cu il dekabr ayının 13-də həbsə alınır və 10 ildən çox Tehranın şimal-şərqində yerləşən və özünün dəhşətli mühiti və dözülməz şəraiti ilə ad çıxarmış məşhur “Qəsr-Qacar” zindanında ömür keçirir. S.C.Pişəvəri zindanda belə, öz əqidə və əməlindən uzaqlaşmır, üstəlik burada ədəbi-publisistik fəaliyyətini davam etdirir. Məşhur “Zindan xatirələri”, çoxlu felyeton və məqalələr “Qəsr-Qacar” zindanının “məhsul”larıdır. “Qəsr-Qacar”da bir müddət S.C.Pişəvəri ilə birgə həbsdə olmuş doktor Salamulla Cavid onunla bağlı xatirələrində yazırdı ki, “...onun düşüncələrində Azərbaycanın taleyi, onun gələcəyi başlıca yer tuturdu. O, həm zindanda, həm də sonra deyərdi ki, “Azərbaycanın öz ehtiyac və dərdləri vardır. Ona ancaq millət özü əlac etməlidir”. Doktor Salamullanın yazılarından məlum olur ki, S.C.Pişəvəri hərəkata yad əllərin uzanmasından çəkinirdi. Şübhəsiz, bunun mühüm səbəbi Səttarxan, Xiyabani və Cəngəlilər hərəkatında yad əllərin etdiyi xəyanətin vurduğu zərbələrin Pişəvərinin zehnində yaşaması ilə bağlı idi.
- Demokrat firqəsi nə vaxt yarandı və əsas məramı nə idi?
- Zindan və Kaşan sürgünündən sonra 1941-ci ilin sentyabrında Tehrana gəlmiş S.C.Pişəvəri az müddət içərisində özünü siyasi mühitin görkəmli şəxsiyyətlərdən biri kimi göstərmişdi. Onun İran Xalq Partiyasının (Tudə), İran Həmkarlar Təşkilatının, Antifaşist Cəbhənin yaradılmasında fəal iştirakı və zəhməti olub. Tehran mühitində S.C.Pişəvərinin siyasi, ədəbi-publisistik fəaliyyətində, iqtisadi və faşizmə qarşı mübarizədə 1943-1944-cü illərdə çap etdirdiyi “Ajir” (“Həycan”) qəzetinin xüsusi yeri var. Əslində Azərbaycan Demokrat Firqəsinin yaradılması ideyası və Azərbaycandakı xalq hərəkatının konturları “Ajir” ətrafına toplaşmış və S.C.Pişəvərinin həmfikirləri olmuş azərbaycanlı ziyalılar və azadlıq mücadiləsinin fəal mübarizləri tərəfindən müəyyənləşdirilmişdi. Bunu həmin dövrdə S.C.Pişəvərinin və onun silahdaşlarının “Ajir” səhifələrində çap olunmuş yazılardan aydın sezmək olur. S.C.Pişəvəri və onunla həmfikir azadxahların ümumiləşmiş konsepsiyaları belə idi: Bütöv İran azadlığı və demokratik hərəkat daxilində Azərbaycanın öz hədəfi və məramı vardır ki, o da hakim rejimin milli zülmünün aradan qaldırılması, Azərbaycana özünü idarəetmə muxtariyyatın verilməsindən ibarətdir.
Məhz bu tələb yeni məramlı bir təşkilatın Azərbaycan Demokrat Firqəsinin yaradılmasının tarixi bir zəruriyyət kimi irəli çəkdi. Belə bir təşkilat (ADF) 1945-ci ilin sentyabrında S.C.Pişəvərinin və onunla həmdüşüncə olan insanların başçılığı altında, xalqın geniş zümrələrinin istək və tələbi ilə yaradıldı. S.C.Pişəvərinin başçılıq etdiyi ADF və Milli Hökumət az bir zaman kəsiyində milli qüvvələri öz hüquqları uğrunda, şovinist irticaçı şahlıq rejimini yıxmaqda, onun yerində milli-demokratik bir quruluşu bərpa etməkdə böyük təşkilatçılıq məharəti göstərə bilmişdi. Milli Hökumətə başçılıq edən müddətdə Pişəvərinin dövləti idarə etməkdə və kütləni vahid hədəfə yönəltməkdə xüsusi istedad və bacarığı üzə çıxdı. Bir çox İran və xarici müəlliflərin yazdığı kimi, “Pəhləvilərin 20 ildə görə bilmədiyi işləri Pişəvərinin başçılıq etdiyi Milli Hökumət bir ildə yerinə yetirdi”.
- Pişəvərinin Quzey Azərbaycana müraciəti, onun bu taydakı həyat və fəaliyyəti haqda nə demək olar?
- Faktlar və sənədlər göstərir ki, Pişəvəri Quzey Azərbaycana könüllü gəlməyib, onu sovet rəhbərliyi yalan vədlərlə bu taya gətirmişdi və bununla da Güneydəki hərəkata xəyanət etmiş, oradakı müqavimət hərəkatına başıpozqunluq və çaşqınlıq salmaqla dolayısı ilə şahənşah ordusuna kömək etmişdi. Sovetlərin açıq xəynətini növbəti dəfə görən S.C.Pişəvəri “son peşmançılıq fayda verməz” kimi acı hisslərin təsiri altında yaşamalı olsa da, vətənə dönmək, mübarizəni davam etdirmək fikrindən əl çəkmir. O, bu məqsədlə seçmə fədai dəstələrinin saxlanması və təlimləşdirməsi məsələsini təklif edir. Quzey Azərbaycanda yaşadığı 5-6 ay ərzində öz xatirələrini yazmağa başlayır və “İran Azərbaycanında milli-demokratik hərəkat” adlı qiymətli kitabını tamamlayır. Firqənin qeyri-leqal fəaliyyətinə, “Azərbaycan” qazetinin nəşrinə müvəffəq olur və həmvətənlərini vətənə dönmək, mübarizəni davam etdirmək əqidəsi ilə yaşamağa çağırır və əməli addımlara əl atmaq arzusunda olur...
- Onun faciəli həlak olması haqda deyilənlər və yazılanlar nə qədər həqiqətəuyğundur? O, öz əcəli ilə dünyasını dəyişib, ya ona doğrudan da qəsd edilib?
- Bu sual indiyə qədər tam və dəqiq cavabını tapmayan və müəmmalı qalan məsələdir. S.C.Pişəvərinin həlak olması ilə bağlı o taylı bu taylı Azərbaycanda, İranda və eləcə də xaricdə bir sıra fərziyyələr və həqiqətə uyğun gələn fikirlər söylənilib. Lakin o faciəli hadisə ilə bağlı təhqiqatların nəticəsi və şahid ifadələrinin gizlədilməsi, aparılmış istintaq materiallarının yox edilməsi (Moskvaya aparılması və istintaq aparan azərbaycanlı müstəntiqin Moskvada qəflətən müəmmalı ölümü) bu haqda konkret və dəqiq məlumat vermək imkanını məhdudlaşdırır. Buna baxmayaraq, bəzi şahidlərin dediklərində informasiya vasitələrinə verilən müsahibələrdə, kitablardakı bir çox yazılarda Pişəvərinin həlak olması ilə bağlı bəzi həqiqətlərin izi görünür.
- O izlər nələrdən ibarətdir?
- Gəncənin Hacıkənd qəsəbəsində və Şəkidə Fədai dəstələrinə baş çəkmək istəyən Pişəvərinin xidməti maşınının qəflətən nasaz vəziyyətə düşməsi, keçmişi şübhəli olan bir erməni sürücüsünün idarə etdiyi maşında səfərə çıxması, Gəncədən Şəkiyə getmək üçün yola düşmək vaxtının birdən-birə dəyişməsi, maşındakıların birinin xahişi ilə Pişəvərinin arxa oturacaqdan sürücünün yanındakı oturacağa keçirilməsi (o, bir qayda olaraq, arxa oturacaqda, sağda oturarmış), qəzaya düşmüşlərin içərisində təkcə Pişəvərinin Yevlax xəstəxanasında gözlənilmədən keçinməsi, Gəncədən oğlunun çağrılmaması və Bakıdan gəlmiş həkim qardaşının palataya buraxılmaması və nəhayət, Pişəvərinin dəfn mərasiminin yarı gizli aparılması (onu Buzovnada dəfn etmişlər) və s. bu kimi şübhə doğuran məqamlar S.C.Pişəvərinin vaxtsız vəfatında qəsd elementlərinin olmasını istisna etmir.

u Elman Cəfərli


Read more! posted by <21 Azer> | 11:05 AM
Azərbaycan Milli HökümətiAzerbaycan Demoqrat Firqesi
21 Azer - 1945-1946 South Azerbaijan (Iran)
سؤزوموز-بلاگ اسپات
سؤزوموز-پرشين بلاگ









email
archives
Photo Albums
پيشه ورى: يازيلار -نوشته ها
توركجه مقاله لر
مقاله هاى فارسى
English Articles
عكس- فيلم-راديو
سندلر-اسناد
كتاب شناسى
دئموقراتلار-دموكراتها
صفرخان قهرمانى
پان ايرانيست-دؤولت گؤروشو:ديدگاه پان ايرانيستى-دولتى
Counters
Rent Movies Online